Korrupsiyasız cəmiyyət üçün təhsil

Anti-korrupsiya lüğəti

Korrupsiyaya qarşı mübarizə mövzusunda və AZAKA təlimlərində ən çox rastlaşacağınız ifadə və terminlərin izahlı lüğətini aşağıda diqqətinizə təqdim edirik:

Korrupsiya  - etimad edilmiş səlahiyyətlərin şəxsi mənafe naminə sui-istifadə edilməsidir;

Rüşvət - qanunsuz, qeyri-etik və ya etimadın pozulması ilə nəticələnən əməlin törədilməsi üçün pul, hədiyyə, mükafat və ya hər hansı digər maddi üstünlüyün təklif edilməsi, verilməsi, alınması və ya tələb edilməsidir;

Nepotizm - Vəzifəli şəxsin öz səlahiyyət imkanlarından istifadə edərək ailə üzvlərinə və ya dostlarına bilavasitə tabeçiliyi altında iş imkanları yaratmasıdır;

Mənimsəmə - dövlət qurumu, təşkilat və ya şirkətdə çalışan vəzifəli şəxsin ona etimad edilmiş maddi resursları şəxsi varlanma və digər şəxsi mənfəətləri naminə ələ keçirməsi və ya sui-istifadə etməsidir;

Qəsbetmə - zorakı təhdidlər vasitəsilə vəzifəli şəxs tərəfindən digər fərdlərin birbaşa və ya dolayı yolla ədalətsiz əməkdaşlığa və ödənişə cəlb edilməsi;

Asanlaşdırıcı ödənişlər - fərdin hüququ olan bir nəticəyə çatmaq üçün həmin prosesi sürətləndirmək məqsədilə ödədiyi kiçik miqyaslı rüşvətdir;

Dövlət sektoru - dövlət büdcəsindən maliyyələşən və mənfəət naminə deyil, vətəndaşların rifah halının yaxşılaşdırılması uğrunda xidmətlər göstərən hökumət və ona tabe olan digər ictimai qurumların cəmidir;

Özəl sektor - dövlət sektoru tərəfindən idarə edilməyən və maddi mənfəət naminə fəaliyyət göstərən şirkət, müəssisə və digər qurumlardır.

Vətəndaş cəmiyyəti - dövlət və özəl sektordan kənarda, insanların öz ortaq maraqlarını irəlilətmək naminə birləşdikləri fəaliyyət sahəsidir. Vətəndaş cəmiyyətinə qeyri-hökumət təşkilatları, könüllü qruplar, həmkarlar ittifaqları, etiqad əsasında təsis edilən qurumlar və digər qeyri-dövlət və qeyri-mənfəət təsisatlar daxildir.

Siyasi iradə - siyasi liderlər tərəfindən müvafiq siyasi tədbirlər, geniş miqyaslı islahatlar və digər vasitələrlə cəmiyyət üçün təhlükə yaradan problemlərə, o cümlədən korrupsiyaya qarşı mübarizədə qətiyyətlilik nümayiş etdirilməsi;

Qanunun aliliyi - hökumətin fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək, qanun və asayişi qoruyub-saxlamaq və ölkənin səmərəli idarə edilməsi ilə şərtləndirən hüquqi və siyasi sistemlərin, qurum və vasitələrin məcmusudur;

Maraqların toqquşması - dövlət sektoru, özəl sektor, KİV və ya vətəndaş cəmiyyətində çalışmasından asılı olmayaraq 1 fərdin öz şəxsi mənfəəti ilə çalışdığı vəzifənin tələbləri arasında seçim etmə vəziyyətidir;

Etik qaydalar - cəmiyyətdə mövcud olan başlıca dəyər və normalar əsasında dövlət, özəl sektor və cəmiyyətin digər sektorlarında qərarların verilməsi və fəaliyyətin həyata keçirilməsini tənzimləyən standartların məcmusudur;

Davranış məcəlləsi - hər hansı bir təşkilat, dövlət qurumu və ya şirkət daxilində fərdlərin qanun və qaydalara tabeçiliyinin minimum səviyyəsini və müvafiq intizam tədbirlərini müəyyən etməklə onların fəaliyyəti ilə bağlı gözlənti və standartlar yaradan prinsip və dəyərlərin məcmusudur

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər